Dede Gorgud Park
əsas səhifə
Park haqqında

Dədə Qorqud parkı

Dədə Qorqud parkı ozandır. Bu park hekayə söyləyir. Həmin hekayə azərbaycanlılıq və Azərbaycanın irsi barəsindədir. Dədə Qorqud Parkı Azərbaycan tarixinin və mədəniyyətinin açıq havada nümayiş meydanı olacaqdır. Xalqımızın yaddaşlarda qalmış tarixi hadisələri əsasında tərtib edilən bu park üç bağdan ibarət olacaq və hər bağ özündə müxtəlif simvolları daşıyan abidələrlə zəngin olacaqdır. Bu simvollar Azərbaycan xalqının uzun əsrlərdən bu günümüzə gəlib çatmış mədəniyyətinə, tarixinə, ədəbiyyatına və təbiətinə həsr olunacaqdır. Park boyunca və parkın içində müxtəlif görməli yerləri gəzmək və abidələrə tamaşa etmək üçün “möcüzəli cığırlar” uzanacaqdır.

Bu cığırlar elə salınacaq ki, parka daxil olan insanlar bu cığırlarla parkı seyrə çıxacaq. Sanki bu cığırlar Azərbaycanın mədəni irsinin, təbiətinin və tarixinin bələdçisi olacaq və parka seyrə çıxanları parkın əvvəlindən axırına qədər gəzdirəcəkdir. Parkı seyrə çıxanlar hər dayanacaqda Azərbaycanın irsini, tarixini, təbiətini və mədəniyyətini əks etdirən nümunələrlə tanış olacaqdır. Bu cığırlar üzərində isə yeddi talvar salınacaqdır.

Talvarlıq Azərbaycanda geniş yayılmış ənənədir və kölgəlik yaratmaq məqsədi ilə istifadə olunur. Bu parkda isə talvarlar mədəni irsimizin daha bir simvoluna çevriləcək - Dədə Qorquddan bu günümüzə çatmış ozanlıq ənənəsini özündə daşıyacaqdır. Tariximizin və mədəniyyətimizin yaddaqalan səhifələrinə həsr olunmuş bu talvarlar sanki ozan kimi, park boyunca, Azərbaycan tarixini və mədəni irsini yaşadan hekayətlər nəql edəcəkdir. Talvarlar bu cür adlandırılmışdır: Kitabi-Dədə Qorqud talvarı, İpək yolu talvarı, On iki prinsip talvarı, Doqquz iqlim zonası talvarı, Novruz talvarı, İncəsənət talvarı və Poeziya talvarı.

ADA-nın kampusu bu parkda yerləşəcəkdir. Parka gəzintiyə çıxan insanlar və Akademiyada təhsil alan azərbaycanlı və xarici tələbələr hər gün tarixlə və mədəniyyətlə zəngin olan bu parkdan keçəcək və “möcüzəli cığırlar”ın və talvarların nəql etdiyi hekayətlərə “qulaq asacaqlar”. Beynəlxalq münasibətlər məktəbi olan ADA bu zəngin irsin və hekayənin ölkə sərhədlərindən kənarda tanınmasına yardım edəcəkdir. Dədə Qorqud Parkı tək azərbaycanlıların istirahət güşəsi deyil, eyni zamanda, beynəlxalq turizm mərkəzi olacaqdır.

updown