Dede Gorgud Park
əsas səhifə
Dədə Qorqud abidəsi

Dədə Qorqud parkının əsas girişi Ceyhun bəy Hacıbəyov küçəsindəndir və bu giriş Dədə Qorqud abidəsinə açılır. Dədə Qorqud abidəsi Mərkəzi Çəmənlikdən, Sülh və Səbir bağlarından, Həmrəylik Meydanından, 12 tavansız Boy otaqlarından və Meydanın mərkəzində yerləşən Dədə Qorqud heykəlindən ibarətdir. Dərhal girişdən başlayan Mərkəzi Çəmənlik simvolik olaraq 40 ədəd dəmirağacı ilə əhatə olunmuşdur. Milli ekoloji sərvətlərin qorunması məqsədilə, parkın yaşıllandırılmasında Azərbaycanın təbii iqlim şəraitinə xas olan bitki və ağaclardan istifadə olunacaqdır. Mərkəzi çəmənlikdəki dəmirağacları azərbaycanlılar arasında birlik və gücün timsalı olacaqdır.

Mərkəzi çəmənliyin kənarlarını əhatə edən dəmirağacları iki bağa bölünəcəkdir: sağ (cənub) tərəfdə Sülh bağı, sol (şimal) tərəfdə Səbir bağı. Ağaclarla birgə bu bağlarda Dədə Qorqud dastanında adı çəkilən güllər, çiçəkləyən və meyvə gətirən kolluqlar da əkiləcəkdir. Hər bağda 12 gül yatağı olacaq və alçaq bağ hasarları bağı qismən örtəcəkdir. Hasarın bayır tərəfi sülh və səbir haqqında yazılarla, Dədə Qorqud dastanlarından toplanmış sitatlarla bəzədiləcəkdir. Möcüzəli cığır boyunca müəyyən məsafədən bir divarlarda şüşə panelləri olan giriş qapıları qoyulacaqdır. Bu qapılar şüşə olduğu üçün bağları kənardan da seyr etmək mümkün olacaqdır. Seçilmiş poeziya parçaları basma, yaxud qumvurma metodu ilə şüşə qapıların üzərinə həkk ediləcəkdir. Hər iki bağın mərkəzi hissəsində yerləşən balaca fəvvarə Dədə Qorqud abidəsindən keçən su kanalı vasitəsi ilə bir-biri ilə əlaqələndiriləcəkdir.

Fəvvarələrin hovuzu və su kanalı İslam su bağlarının ənənələrinə uyğun inşa ediləcəkdir. Dəmirağacların kölgəsində daş skamyalar və portativ fransız bistro stulları qoyulacaqdır. Parkı seyrə çıxanlar bu stul və skamyalarda əyləşərək, təmiz hava qəbul edəcək və dostları ilə söhbətdən zövq alacaqlar.

Geniş, açıq sahə olan mərkəzi çəmənlikdə vaxtaşırı festivallar keçirilən zaman çadırlar qurula bilər. Çəmənliyin baş tərəfində Həmrəylik Meydanı yerləşəcəkdir. Bu dairəvi meydança pilləkən və su ilə əhatələnəcəkdir. Dörd tərəfdən - şimal, cənub, şərq və qərbdən gələn cığırlar Həmrəylik Meydanında birləşəcəkdir. Meydanı hər biri Dədə Qorqud dastanının bir boyuna həsr olunmuş 12 üstü açıq otaq əhatə edəcəkdir. Otaqlar daş və şüşədən qurulacaqdır. Dədə Qorqud dastanının yayıldığı ərazilərin genişliyini göstərmək məqsədilə, bu otaqlarda Avrasiyanın Oğuzlar yaşayan ərazilərindən gətirilmiş daşlardan istifadə olunacaqdır. Mütəxəssislərin Dədə Qorqud dastanından seçdiyi ifadə və illüstrasiyalar daşların və şüşələrin üzərinə həkk ediləcəkdir. Otaqların divarları və döşəməsi Mərkəzi Asiyadan gətirilmiş geoloji nümunələrlə bəzədiləcəkdir. Bu nümunələr ölkələrarası miqrasiyanın simvolu olacaq və xalqlararası əməkdaşlıq proqramına əsasən toplanacaqdır. Otaqların ətrafında salınmış həmişəyaşıl ağac və kollardan ibarət meşəlik yamac isə bu 12 otağa sirli-sehrli görkəm verəcəkdir.

12 boyu təmsil edən 12 otağın mərkəzində Dədə Qorqud otağı yerləşəcəkdir. Sülh və Səbir bağlarına axan sular öz mənbəyini bu otaqda yerləşən yonulmuş monolitdən götürəcəkdir. Otağın mərkəzində ucalacaq abidənin daşı Qobustandan gətiriləcək və bu Azərbaycanın qədim köklərə və tarixə malik olmasını göstərəcəkdir. Bu abidə otaqda elə yerləşdiriləcəkdir ki, dörd tərəfdən görünsün və dörd tərəfdən ona yaxınlaşmaq mümkün olsun. Dədə Qorqud otağını sanki qoynuna almış 12 otaq dastanlarda ana və qadının roluna olan ehtiramı təcəssüm etdirəcəkdir.

Mərkəzdə yerləşən Dədə Qorqud otağından başlayan maili çəmənlik Həmrəylik Meydanına doğru amfiteatr şəklində, aypara şəkilli fəvvarəyə qədər uzanacaq və bura musiqili çıxışlar və hekayətlərin nəql edilməsi üçün gözəl bir guşəyə çevriləcəkdir. Fəvvarələrin şırıltısı musiqili proqramları müşayiət edəcəkdir. Adi vaxtlarda bu mərkəzi fəvvarənin suyu sakit olacaq. Xüsusi tədbirlər zamanı fəvvarənin yatağından axınlar hərəkətə gələcək və su günəş şüaları altında rəqs edəcəkdir. Dairəvi fəvvarənin üzərindən keçən körpü amfiteatr ilə Həmrəylik Meydanını birləşdirəcəkdir.

Dədə Qorqud abidəsi parka gələnlərin zövqünü oxşamaq və milli mədəniyyətimiz haqqında məlumat vermək üçün ucaldılacaqdır. Dədə Qorqud parkına gələn hər bir kəs, istər parkı seyrə çıxanlar, istərsə də bura istirahət etməyə gələn ailələr, dostlar, məktəb şagirdləri yaxud sakinlər burada ağacların, güllərin və fəvvarələrin arasında dincələcək və Azərbaycanın milli-mədəni irsi haqqında məlumat əldə edəcəklər.

Həmrəylik Meydanının mərkəzində duran zaman parkın dörd bir tərəfi görünəcəkdir. Ozan adəti ilə Həmrəylik Meydanında məktəblilər üçün söhbətlər, öyrədici məclislər keçirilə bilər. Aşıqlar burada söz deyib, saz çala bilərlər. Meydanın ətrafına toplaşan məktəblilər mərkəzdə rəvayətlər danışana qulaq asa bilərlər. Bundan başqa, Meydanda festival, konsert və səhnə çıxışları keçirilə bilər. Bu tədbirləri seyr etməyə gələn insanlar çadırlarda, ağacların kölgəsində və bağlardakı kölgəliklərdəki skamyalarda, yaxud yelpikşəkilli çəmənliklərdə oturacaq, rəvayətlər, musiqi və söhbətlərin dərinliyinə dalaraq, Dədə Qorqud abidəsinin rəngarəng və ecazkar mənzərəsindən həzz alacaqlar. Gecələr dəmirağacı meşəliyi, Sülh və Səbir bağları, Həmrəylik Meydanı və Dədə Qorqud abidəsi tamam başqa bir aləm olacaqdır. Ağaclarda, daşlarda və fəvvarələrdə yerləşdirilmiş qeyri-adi, ecazkar işıqlar buranı möcüzəli, əfsanəvi, eyni zamanda eleqant görünüşlü bir dünyaya çevirəcək və şəhərin qonaqlarında gözəl təəssüratlar oyadacaqdır.

updown