Dede Gorgud Park
əsas səhifə
Parkın planı

İrs bağı

Bu bağ Azərbaycanın tarixinə həsr olunmuşdur. Bağın əsas xüsusiyyəti Kitabi Dədə Qorqud abidəsidir. İrs bağı Dədə Qorqud dastanı və bu dastanlarda mədh olunan dəyərlərə həsr olunmuşdur.

İrs bağı parkın şimalında yerləşir və aşağıdakı hissələrdən ibarətdir:

İki fəvvarəli giriş meydanı və Mərkəzi çəmənlik
Bu ərazi düzbucaqlı formasında olacaq və iki bağla əhatələnəcəkdir. Parkın girişinə möhtəşəm görkəm verən bu meydan tədbirlərin və festivalların keçirilməsi üçün münasib yer olacaqdır. Tədbirlər zamanı burada Kitabi-Dədə Qorqud dastanında olduğu kimi çadırlar qurula bilər.

Sülh bağı və Səbir bağı
Azərbaycanlılar tarix boyunca sülhservərliyi və dözümlülüyünə görə tanınmışdır və bu ənənə bu gün də davam etməkdədir. Bu bağlar azərbaycanlıların daim sadiq qaldığı sülh və səbrin (dözümlülük və tolerantlığın) simvolu olacaqdır. Hər bağda 12 gül yatağı olacaqdır. Bu isə Kitabi-Dədə Qorqud dastanının 12 boyuna işarədir. Kitabi-Dədə Qorqud dastanından sülh və səbrliliyə aid ifadələr və şeir parçaları seçilərək bağların divarlarında həkk olunacaqdır.

Həmrəylik meydanı
Həmrəylik meydanı su və pilləkənlərin əhatəsində yerləşir və Mərkəzi çəmənlikdən Həmrəylik meydanına yol gedir. Bu meydan dairəvi ərazidir və Parkın dörd tərəfindən – şimaldan, cənubdan, şərqdən və qərbdən meydana yol gələcəkdir. Bu meydan parkın mərkəzi plazası olacaqdır və Dədə Qorqudun ətrafında birləşmiş tayfaları təcəssüm etdirəcəkdir. Dədə Qorqud dastanında boylar Dədə Qorqudun sözləri ilə başlayır və sona çatır. Bu meydan isə el ağsaqqalı olan Dədə Qorqudun ətrafında birləşmiş tayfaların və Dədə Qorqudun müdrikliyinin rəmzidir.

Kitabi-Dədə Qorqud talvarı və İpək Yolu talvarı
Bu talvarlar daş sütun və bu sütunların üzərində ağacdan düzəldilmiş çardaqdan ibarətdir. Bu talvarlar qədim İpək Yolu ölkəsi olan Azərbaycanın keçmişini və mədəni irsini nümayiş etdirəcəkdir.

Dədə Qorqud abidəsi
Açıq havada olan Dədə Qorqud otağı Həmrəylik meydanının mərkəzində yerləşəcəkdir. Otaqda monolit daşdan yonulmuş abidə Sülh və Səbir bağlarına axan suyun mənbəyi olacaqdır. Bu mərkəzi abidənin daşı Qobustandan gətiriləcəkdir və bu daş Azərbaycanın ulu keçmişə malik olmasını əks etdirəcəkdir. Heykəl elə yerləşdiriləcəkdir ki, bütün istiqamətlərdən görünsün. Həmrəylik meydanı boyunca yerləşən 12 otaq mərkəzdəki Dədə Qorqud otağını dövrəyə alacaqdır. Bu isə Kitabi-Dədə Qorqudda ana və qadının roluna ehtiramı ifadə edəcəkdir.

Kitabi-Dədə Qorqudun on iki tavansız otağı
Həmrəylik meydanının ətrafında 12 üstüaçıq otaq olacaqdır. Otaqlar bir-birindən daş divar və müxtəlif hündürlüyə malik, üzərinə yazı həkk edilmiş şüşə panellərlə ayrılacaqdır. Bu otaqların hər birinin daşı Oğuz tayfalarının yayıldığı ərazilərdən gətiriləcəkdir, bu isə həm dastanın geniş bir məkanda tanınmasına işarə edəcək, həm də bu abidəyə beynəlxalq çalar verəcəkdir. Bu divarlar otaqları qismən örtəcək və onlardan döşəmə kimi də istifadə olunacaqdır. Kitabi-Dədə Qorqud dastanından seçilmiş ifadə və illüstrasiyalar daşların və şüşələrin üzərinə həkk ediləcəkdir.

Xudafərin körpüsü
Daşdan tikilmiş bu piyada körpüsü Araz Fəvvarəsinin üzərindən keçən əsas körpü olacaqdır.

Araz Fəvvarəsi
Bu fəvvarə Həmrəylik meydanı ilə amfiteatr arasında yerləşəcəkdir. Aypara şəklində inşa edilən bu fəvvarə daşla əhatələnəcəkdir. Fəvvarədə sualtı axınlar olacaq və xüsusi tədbirlər zamanı bu axınlar hərəkətə gətiriləcəkdir.

Sürət qatarı çay evi
Burdakı qatar stansiyası bərpa edilərək çay evi kimi istifadə olunacaqdır.

Relsüstü İnternet kafe
Keçmiş qatar vaqonu internet kafeye çevriləcəkdir və bu kafe çay evi ilə bitişik olacaqdır .

Uşaqların sehrli aləmi (Oyuncaq qayıq gölü və köşk)
Uşaqlar üçün nəzərdə tutulmuş bu Sehrli aləmdə oyuncaq qayıqlar üçün gölməçə yaradılacaqdır və oyuncaq qayıqlar gölməçənin yaxınlığındakı köşkdə icarəyə veriləcəkdir. Burada ağaclıqlar da olacaq və parkın digər ziyarətçiləri ağac kölgəsində oturub oynayan uşaqlara tamaşa edə biləcəklər.

Cıdır Düzü otluğu və terrası
Bu otluğun sahəsi futbol meydançasının sahəsi qədər olacaq və ərazi qaçış cığırı ilə əhatələnəcəkdir. Bu meydança futbol oyunu və ya ədəbi tədbirlər keçirmək üçün münasibdir. Meydança və qaçış cığırı boyunca piyada cığırı salınacaq və bu cığır üzərində skamyalar düzüləcək və kölgəlik üçün ağaclar salınacaqdır. Fəvvarələr, abidələr və skamyalar üçün çardaqlar qurulacaqdır.

Cıdır düzü terrası futbol meydançasına və Cıdır düzü otluğuna bitişik olacaqdır. Cıdır düzü terrası daşla döşənmişdir və kiçik toplantılar üçün nəzərdə tutulmuşdur. Bu terras Cıdır düzündə təşkil olunacaq tədbirlərin səhnəsi kimi də istifadə oluna bilər.

Vaqifin abidəsi
Abidə Azərbaycanın görkəmli şairi və Qarabağ xanının vəziri Molla Pənah Vaqifin şərəfinə ucaldılacaqdır.

Dörd başlıca prinsip fəvvarəsi
Cıdır düzünün künclərinə dörd ədəd oxşar fəvvarə qoyulacaqdır. Bu fəvvarələr meydana ahəngdarlıq hissi gətirəcək və romantik görkəm verəcəkdir. Fəvvarələr Azərbaycanın milli mənsubiyyətinin dörd elementinin təcəssümü olacaqdır.

Tennis Kortu
Tennis kortlarına asfalt döşənəcəkdir və kort hasarlanacaqdır. Kortun sərhədləri boyunca və girişində yaradılmış kölgəli yaşıllıq korta cəlbedici görkəm verəcək və kənardakıları idman oyunlarına qoşulmağa sövq edəcəkdir .

On iki prinsip talvarı
Bu talvarlar Azərbaycan irsinin və tarixinin ən vacib 12 prinsipini əks etdirir. 12 ədədi boylara işarədir.

Diplomatiya cığırı
Azərbaycan diplomatiyasına və ən uğurlu siyasi xadimlərinə həsr olunmuş bu cığır ziyarətçiləri Azərbaycan Diplomatik Akademiyasına aparacaqdır.

Böyük çəmənlik
Bu çəmənlik iri sahəli yaşıl ərazi olub, əyləncəli tədbirlər və piknik üçün nəzərdə tutulmuşdur.

updown