Dede Gorgud Park
əsas səhifə
Park haqqında

Kitabi-Dədə Qorqud

Dədə Qorqud Yerlü qara dağların yıqılmasın!
Kölgəlicə qaba ağacın kəsilməsün!
Ağ saqqalu baban yeri uçmaq olsun!
Ağ birçəklü anan yeri behişt olsun!
Oğulla qarındaşdan ayırmasun!
Axır vaqtında arı imandan ayırmasun!
"Amin! Amin!" deyənlər didar görsün!
Yığışdırsun, durışdırsun günahınızı
Adı görklü Məhəmməd Mustafa yüzi suyına
                bağışlasun, xanım, hey!....

Kitabi-Dədə Qorqud, Dirsə Xan oğlı Buğac Xan Boyını bəyan edər, xanım, hey!

Kitabi-Dədə Qorqud mifoloji dünyagörüşünə gedib çıxan və oğuz tayfalarının qəhrəmanlıq hekayələrindən ibarət dastandır. Dastan müqəddimə ilə başlayır. Burada eposun əsas müəllifi Dədə Qorquddur. Dastanın əvvəlində Dədə Qorqud, onun müqəddəs keyfiyyətləri, müdrik kəlamları barədə məlumat verilir və dastanın qalan hissəsi 12 boya bölünür.

Dastandakı boylar Dədə Qorqudun dilindən verilir, hər boy Dədə Qorqudun xeyir-duası ilə bitir. Dədə Qorqud qədim oğuzların kamil bilicisi, ağsaqqalıdır. Dədə Qorqud əlinə qopuz alaraq oğuz igidlərinin qəhrəmanlıqlarından danışır, soy soylayır, boy boylayır ki, oğuzların tarixi yaddaşlarda qalsın. Oğuzlar Qorqud atanın məsləhətlərinə qulaq asır, ona müqəddəs el ağsaqqalı kimi baxırlar. Oğuz elində Qorqud ata bilici, mənəvi rəhbər hesab olunur, qopuz müqəddəs sayılır. Xalqın şad günü Qorqud atanın xeyir duası ilə tamamlanardı. Çətin günlərdə Qorqud atanın məsləhətlərinə qulaq verilirdi. Oğuz tayfaları arasında narazılıq, mübahisə düşəndə, bir el ağsaqqalı kimi Qorqud ata çağrılardı. Dədə Qorqudun dediyi dərin mənalı kəlamlar atalar sözlərinə çevrilərək oğuzların gündəlik həyatında istifadə olunurdu. 14-cü əsr tarixçisi Fəzlullah Rəşidəddinin dediyinə görə Dədə Qorqud Məhəmməd peyğəmbərin zamanında yaşamış real insan olmuşdur.

Dastanda üç əsas dəyərlər ana xətti təşkil edir: ana haqqı, qəhrəmanlıq və vətəni qorumaq. Dastanda "Ana haqqı – Tanrı haqqı" deyilir. Anaya, qadına böyük hörmət, ehtiram ifadə olunur. Dədə Qorqud sözün geniş mənasında qəhrəmanlığı tərənnüm edir. Vətəni, dövləti, milli inamları, ailəni, adət-ənənələri qorumaq oğuz igidinin müqəddəs amalı, onun təmənnasız qəhrəmanlığının mənbəyi, əsasıdır.

Boylarda hadisələr əsasən Oğuzda cərəyan edir. Oğuz həm sərhədləri olan ölkədir, həm də bu ərazidə yaşayan türk xalqı, cəmiyyətidir. Hər boy Oğuz xanına müraciətlə başlanır. Dastanda oğuzlara xanlar xanı Bayandur xan başçılıq edir. Bayandur xandan az bəhs olunsa da, yeri gəldikcə söylənən fikirlərdən onun müdrik bir hökmdar olduğu, ölkəni çox-çox qədimlərdən gələn müqəddəs ənənələr əsasında idarə etdiyi ortaya çıxır.

Oğuz igidlərinin başında bəylərbəyi Qazan xan dayanır. Bayandur xandan sonra oğuz bəyləri Qazan xanı özlərinə başçı, hökmdar, həm də arxa, pənah sayırlar. Qazan xanın mərdliyi, qəhrəmanlığı, dövlət başçısı, sərkərdə olaraq tədbirliliyi Oğuz elinə əmin-amanlıq, səadət gətirir. Qazan xan anasına böyük ehtiramla yanaşan bir oğul, xanımını ürəkdən sevən ər, oğlunun bir igid olaraq yetişməsinə çalışan, onun qəhrəmanlığı ilə fəxr edən atadır. Düşmənə əyilməyən, ən çətin anlarda belə özünü, xalqını, dinini sındırmayan Qazan xan Oğuz igidlərinin ən müsbət xüsusiyyətlərinin daşıyıcısı kimi tərənnüm olunur.

Bayandur xanın qızı, Salur Qazanın xanımı "boyu uzun Burla xatun" eposun ən mükəmməl qadın surətlərindəndir. Burla xatun etibarlı, namuslu həyat yoldaşıdır. "Salur Qazanın evinin yağmalandığı boy"da Burla xatun yeganə oğlunun öldürülməsinə razı olur, ta ki Qazan xanın, Oğuz elinin namusu tapdalanmasın. Bununla belə, o anadır. Eposda Burla xatunun oğlu Uruza qarşı səmimi analıq hissləri, həyəcanları, sarsıntıları ifadə olunur. Burla xatunun timsalında eposda bir sıra igid, qəhrəman, zəngin mənəviyyatlı qadın obrazları yaradılmışdır. Qadınlar ictimai həyatda kişilər kimi fəaldırlar. Oğuz qızları öz gələcək həyat yoldaşları ilə at çapır, ox atır,sınaqdan çıxardıqdan sonra ailə qurmağa razılıq verirlər. Oğuz qadınları mərd və sədaqətlidirlər.

"Salur Qazanın evinin yağmalanması boyu"nda gənc Oğuz igidlərinin ümumiləşdirilmiş obrazı, Qazan xanın oğlu Uruz təsvir olunur. Uruz atasının şərəfini, anasının namusunu, el-obasını canı-qanı bahasına qorumağa hazır olan gənc qəhrəmandır. Uruz ana haqqını uca tutan oğuldur. Anası düşmən əlinə keçməsin deyə canından keçməyə hazırdır.

"Dədə Qorqud" eposunda Oğuz cəmiyyətinin yüksək təbəqəsinə mənsub qəhrəmanlarla yanaşı, aşağı təbəqənin mərd adamları da iştirak edirlər. Belə qəhrəmanlardan biri də Qaraca Çobandır. Qaraca Çoban öz mərdliyi, cəsurluğu, sədaqəti ilə bəylərdən geri qalmır. Oğuz elinə düşmənlər hücum edən zaman Qaraca Çoban yurdunun müdafiəsinə qalxır, düşmənin hərbə-zorbasından qorxmur, onların təklif etdiyi var-dövlətdən imtina edir. Qaraca Çoban surəti göstərir ki, xalq ədəbiyyatında zəhmətkeş təbəqənin nümayəndələrinə böyük hörmət və məhəbbətlə yanaşılır.

Dədə Qorqud dastanları eramızın 11-ci əsrində "Kitabi- Dədəm Qorqud" adı altında yazıya alınmışdır. Əlimizdə olan nüsxələr isə 16-cı əsrdə üzü köçürülmüş əlyazmalardır. İndiyədək "Kitabi- Dədə Qorqud"un iki əlyazması məlumdur. Bunlardan biri alman şərqşünası Henrix Fridrix Dits tərəfindən aşkar olunmuşdur və hal-hazırda Almaniyanın Drezden şəhərindədir. Bu nüsxə bir müqəddimə və on iki boydan ibarətdir. İkinci nüsxə Vatikanda tapılmışdır, bir müqəddimə və altı boydan ibarətdir.

updown